Putin və Pezeşkiyan görüşüblər | VİDEO

   Putin və Pezeşkiyan görüşüblər |  VİDEO
  12 Dekabr 2025    Oxunub:738
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pezeşkiyan arasında görüş baş tutub.
Rusiyanın "TASS" dövlət xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, söhbət əsnasında Məsud Pezeşkiyan Vadimir Putinə Tehranın xarici siyasət mövqeyini qlobal səhnədə dəstəklədiyinə görə öz təşəkkürünü bildirib. O vurğulayıb ki, İran Rusiya ilə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin müddəalarını həyata keçirməyə sadiqdir.

Rusiya lideri isə, öz növbəsində, vurğulayıb ki, iki ölkə İranın nüvə proqramı ilə yanaşı bütün beynəlxalq məsələlərdə sıx əlaqədədirlər:

"Birləşmiş Millətlər Təşkilatında İranı dəstəkləyirik. Xarici işlər nazirlərimiz bir-biri ilə mütəmadi əlaqə saxlayırlar. Moskva və Tehran arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq daha da irəliləyir. Eyni zamanda, energetika sahəsində mümkün əməkdaşlıq potensialı üzrə müzakirələr aparılır".

Vladimir Putin həmçinin bildirib ki, Rusiya və İran arasında ticarət dövriyyəsi 2024-cü ildə 13%, 2025-ci ilin ilk üç rübündə isə daha 8% artıb.

Xatırladaq ki, liderlər axırıncı dəfə cari il sentyabr ayının əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində baş tutmuş sammitində görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   prezident   görüş  



Xəbər lenti